Sunday, January 11, 2009

Atalar sözləri həyati situasiyaların modelləridir

Atalar sözləri lap qədim zamanlarda yaranaraq xalq müdrikliyinin bariz bir nümunəsi kimi bu günədək yaşayır və yaşayacaqdır. Çox qədim xalqlar olan şumerlər, ussuriyalılar artıq yoxdurlar, yəqin ki, onların törəmələri dünyanın müxtəlif yerlərində hələ də yaşayır və fəaliyyət göstərirlər. Lakin məhz bu xalqlar artıq yoxdurlar. Bu xalqlardan yalnız lətifələr və atalar sözləri qalmışdır. Bu xalqlar insanların vərdiş və adətlərini, heyvanların və quşların hərəkətlərini müşahidə edərək təbiət və cəmiyyətin qanunlarını dərk etməyə çalışaraq özlərinin atalar sözlərini, deyimlərini, zərb məsəllərini yaratmışlar. Atalar sözləri bu gün də hətta texnoloji baxımdan yüksək inkişaf etmiş ölkələrdə də yaranır və istifadə olunurlar. Bunlardan hər hansı bir fikri, mülahizəni qısa, lakonik ifadə etmək məqsədilə istifadə olunur. Qəribədir ki, 5 min il bundan əvvəl şumerlər tərəfindən yaradılmış atalar sözləri müxtəlif sözlərlə ifadə olunsalar da, məzmunca rus əkinçilərinin atalar sözləri ilə praktik olaraq üst-üstə düşür.
Mahiyyət etibarı ilə atalar sözləri xalq müdrikliyinin “qaymaqlarıdır”. Dünya xalqları əsrlər boyu canlı orqanizmləri və təbiət hadisələrini müşahidə etmiş, analogiyalar aparmış və qanunauyğunluqlar tapmaqla özlərinin xüsusi elmdən öncəki psixoanaliz və təbiətdən istifadə sistemlərini yaratmışlar. Təbii ehtiyatların yeni texnologiyalar vasitəsi ilə ekoloji təhlükəsizlik prinsiplərini gözləmədən mənimsənildiyi indiki dövrdə iqlim dəyişmələri və müxtəlif təbiət kataklizmləri baş verə bilər. Lakin qədim zamanlarda təbiət qanunlarından kənara çıxmalar o qədər də çox olmurdu. İnsan psixologiyasına gəldikdə isə, demək olar ki, o bütün dövrlər üçün dəyişməzdir. Buna görə də atalar sözləri təkcə tarixi bir material kimi deyil, həm də gündəlik fəaliyyətimizdə rəhbər tutula biləcək qaydalar sistemi kimi nəzərdən keçirilməlidir.
Atalar sözləri bəşəri bir mədəniyyətdir. Hər bir xalqın adətləri, ənənələri, etik və mənəvi xüsusiyyətləri onun atalar sözlərində öz əksini tapır. Məsələn, ingilislərdə qanun barədə “We live by laws, not by examples” (Biz misallar üzrə deyil, qanunlar üzrə yaşayırıq); “Custom rules the law” (Adət qanun deyil, amma qanun qədər hökmü var) kimi atalar sözləri vardır. Ruslarda bu atalar sözlərinin analoqları olan “Закон, что дышло: куда повернешь, туда и вышло” (Qanun dişlə (qoşqu aləti) kimi bir şeydir, hara döndərsən ora dönər); “Суди не по закону, а по совести” (Qanun üzrə deyil, vicdan üzrə mühakimə et); “Закон, что паутина, шмель увязнет, муха проскочит” (Qanun hörümçək toru kimi bir şeydir: eşşək arısı ilişib qalar, milçək keçib gedər). Rus dilində olan atalar sözləri uyğun atalar sözlərinə antitezis əmələ gətirir. Bizim dilimizdə olan “Qanun zora tabedir” ifadəsini də bu qəbildən olan atalar sözü kimi qəbul etmək olar. Bundan başqa bəzən atalar sözləri həqiqətdə olmalı olan mənadan fərqli bir mənanı əks etdirir, məsələn, bizim “Malım mal olunca, bazarım bazar olsun”, “Ar igidin bəlasıdır”, “El üçün ağlayanın gözləri kor olar”, “Ağıllı olub dərd çəkincə, dəli ol – dərdini çəksinlər” kimi atalar sözlərimiz buna nümunədir. Yaxşı ki, bu cür atalar sözlərinə riayət edən az olur. Məşhur Polşa satiriki S. Lets demişdir: “Atalar sözləri bir-birlərinə zidd olurlar. Xalq müdrikliyinin mənası da elə bundadır”. Bəzən isə eyni bir atalar sözü iki bir-birinə əks mənalarda işlənilir: məsələn, rus dilində olan “Из грязи в князи” ifadəsi həm müsbət (uğursuz mühitdən çıxıb həyatda çox şeyə nail olan adam barədə), həm də mənfi (natəmiz yollarla irəliləyib yüksək vəzifələr tutan adam barədə) mənalarda başa düşülür.
Yuxarıda deyilənlər onu sübut edir ki, atalar sözlərində həm riyaziyyatda olan dəqiqliyi, çoxmənalılığı, həm də riyaziyyatda olmayan, lakin həyatda tez-tez rast gələn məcburən ziddiyyətli mənanı ifadə etmək zərurətini müşahidə etmək olar.
Atalar sözləri ilə əlaqədar problemlərin tədqiq olunması, onlardan yerli-yerində istifadə olunma vərdişlərinin aşılanması, onların unudularaq aradan çıxıb itmə təhlükəsinin olması, gənclərin atalar sözləri kimi xalq müdrikliyinə sevgi və marağını artırmaq və sair kimi məsələlər müəllifi bu sahədə tədqiqatlar aparmağa sövq etmişdir.
Bundan başqa kompüter texnologiyalarının və maşın tərcüməsinin geniş inkişaf etdiyi indiki dövrdə mətnlərdə rast gəlinən atalar sözlərinin iştirak etdiyi mətn fraqmentlərini yalnız ilkin avtomatik lüğətlər əsasında tərcümə olunması səhv nəticələrə gətirib çıxardığından onların semantik yaxınlıqlarını müəyyən etmək üçün riyazi münasibətlər daxil etmək lazım gəlir. Bu halda atalar sözlərinin tez axtarılıb tapılmasını və avtomatik tərcümə olunmasını kompüterlər vasitəsilə həyata keçirmək mümkün olur. Bu zaman eyni bir ata sözünün müxtəlif dillərdə bir çox qarşılıqlarının olduğunu nəzərə alsaq, onların eyni bir “sinonimlər” qrupuna düşməsi də təmin olunmalıdır, yəni həmin sinonimlər bazada hər hansı bir üsulla qeyd olunmalıdır.
Elə atalar sözləri vardır ki, onların mənası ilk baxışdan aydın olmur. Məsələn, “Günü gündən gün əsirgər”, “Dolu tüfəngdən bir nəfər qorxar, boş tüfəngdən – iki nəfər” kimi atalar sözlərinin əlavə şərhə ehtiyacı var, və yaxud bir çox atalar sözlərinin əmələ gəlməsi ilə əlaqədar olan məlumatlar üzə çıxarılmalı, geniş oxucu kütləsinə çatdırılmalıdır. Digər tərəfdən, yəqin ki, hələ çap olunmamış, lakin ağsaqqal və ağbirçəklərimizin yaddaşlarında yatıb qalmış atalar sözlərimiz çoxdur. Həmin atalar sözlərinin toplanması və çap olunması çox vacib bir məsələdir.
Yuxarıda deyilənləri yekunlaşdıraraq, mən
“Atalar sözləri” bloqunu yaradıram və burada xalqımızın (eyni zamanda dünya xalqlarının) ən maraqlı müdrik kəlamlarının verilməsini, onların müzakirələrinin təşkil olunmasını, bu sahədə tədqiqat işlərinin işıqlandırılmasını planlaşdırıram.

No comments:

Post a Comment