Tuesday, January 12, 2021

 BƏZİ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN “AÇMASI”
“Varlığa nə darlıq”, xüsusilə o zaman ki, özün xərcə düşməyəsən, ziyanı dövlət çəkə.
“Dəmiri isti-isti döyər”, insanı vəzifəyə keçən kimi öyər, təriflə qəddini əyərlər.
“- Mustafasını de” – vəzifənin “taksisini”.
“Dost dosta tən gərək” o demək deyil ki, sən də hökmən “Jiquli”ni satıb “Volqa” alasan.
“İgid odur atdan düşə, atlana” dayısı hesabına yox, öz gücünə.
“Qız yükü, duz yükü”, çiynindən at tez “yükü”.
“Ağa deyir sür dərəyə, sürməlisən”, intəhası maşını, ya “ağanı”, daha bu sənin öz fərasətinə qalıb.
“Dəlinin yadına daş”, mollanın yadına aş xoş məramla gəlməz.
“Ev buzovundan öküz olmaz”, amma öküz var ki, buzovluqdan öküzdür.
“Yaxşı at qamçı”, təmiz ad ləkə götürməz.
“Damarına baxıb qan”, dayısına baxıb ad gününə hədiyyə alarlar.
“Ürək yanmasa gözdən yaş”, qəlb qorxmasa cibdən pul çıxmaz.
“Yalançının yaddaşı olmaz”, alverçinin arı.
“Kor nə istər – iki göz...”, müfəttiş sürücünün birini ayıq, o birini...o söz.
“Su axar çuxurunu”, arxalı gəzər arxalını tapar.
“Elçisi Gülüm olanın başına külüm”, başçısı başsız olanın həyatı zülüm olar.
“Bir əldə iki qarpız tutmaq olmaz”, amma... iki möhür saxlamaq mümkündür.
“Bəy verən atın dişinə”, dayılı bacıoğlunun işinə baxmazlar.
“Göz gördüyündən qorxarsa” onda dəfələrlə mühakimə olunan yenidən həbsxanaya niyə düşür?
“Ot kökü üstə bitər”, lakin hər kökə kök deyilməz.