Sunday, January 11, 2009

Atalar sözü nədir?

Atalar sözlərinə tərif verməzdən əvvəl müxtəlif xalqların bu anlayış barədə bəzi təsəvvürlərini (atalar sözlərini!) xatırlatmaq istəyirəm.
· Atalar sözü Qurana girməz, amma Quran yanında gedər (Azərbaycan)
· Proverbs are the daughters of daily experience (Atalar sözləri gündəlik eksperimentlərin qızlarıdır). (Holland)
· Proverbs, that is the salt in the language (Atalar sözləri dilin duzudur). (Ərəb)
· Без пословицы не проживешь (Atalar sözləri olmasa yaşamaq olmaz).(Rus)
Beləliklə, atalar sözü nədir? Atalar sözünə müxtəlif mənbələrdə müxtəlif təriflər verilir. Bu tərifləri ümumiləşdirərək atalar sözünün əsas xüsusiyyətlərini belə xarakterizə etmək olar.
Atalar sözü lakonik ifadə olunmuş, ritmik və rifmik təşkil olunmuş, nitqdə dayanıqlı istifadə olunan, ibrətamiz məna ifadə edən xalq kəlamıdır.
Atalar sözləri şifahi xalq ədəbiyyatının ən maraqlı janrlarından biridir. Bu janr müxtəlif alimlər tərəfindən tədqiq olunsa da, bu sahədə hələ tam aydın olmayan, müəmmalı məqamlar çoxdur. Atalar sözləri xalq kəlamlarıdır. Onlarda ayrı-ayrı adamların deyil, xalqın qiymətləndirməsi, xalqın ağlı ifadə olunur. Atalar sözləri xalqın mənəvi simasını, onun ideallarını, həyatın ən müxtəlif sahələri haqqında mülahizələri əks etdirir. Xalqın əksəriyyəti tərəfindən qəbul olunmayan fikir və mülahizələr onun dilində yaşamaq hüququ qazana bilmir. Atalar sözü onda nə haqqında nə danıldığından asılı olmayaraq həmişə ümumiləşdirmədir, yalnız nitqdə, canlı danışıqda o öz konkret mənasını kəsb edir.
Müxtəlif xalqların dillərində olan atalar sözləri, deyimlər və zərb məsəllərin tədqiqi göstərmişdir ki, onların hamısına xas olan ümumi xüsusiyyətlər vardır. Həmin ümumi xüsusiyyətlər aşağıdakılardır:
• Müxtəlif xalqların dillərində eyni məna verən atalar sözləri vardır. Məsələn, “Yüz ölç, bir biç” (azəri) ; “Семь раз отмерь, один раз отрежь” (rus); “Score twice before you cut once” (ingilis).
• Müxtəlif dövrlərdə eyni peşələrlə məşğul olan insanlar mənaca eyni olan atalar sözləri yaratmışlar.
• Eyni bir ata sözü situasiyadan asılı olaraq əks mənalar kəsb edə bilər. Məsələn, “Из грязи в князи” (rus)
• Atalar sözləri 2 səviyyədən ibarət olur: məntiqi və bədii tərtibat səviyyələri
• Eyni bir atalar sözü analogiya prinsipi ilə bir çox hallarda işlədilə bilər. Məsələn, “İt hürər, karvan keçər” ifadəsi özünün həqiqi mənası ilə deyil, bir çox analoji situasiyalara tətbiq olunması ilə maraqlıdır.
• Atalar sözləri həyati situasiyaların modelləridir. Fransız yazıçısı, kəskin pamfletist A. Rivarol demişdir: “Atalar sözləri bütün xalqların təcrübə və səriştəliliyinin məhsulları, bütün əsrlərin düsturlara çevrilmiş sağlam mənasıdır”.

2 comments: